Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 18 saylı körpələr evi–uşaq bağçasında 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə bağçanın pedaqoji kollektivi, tərbiyəçilər və körpə fidanlar iştirak ediblər. Zəfər Gününə həsr olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra balaca fidanlar Vətənə və qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər nümayiş etdiriblər. Uşaqların çıxışları tədbir iştirakçılarında həm qürur, həm də duyğulu anlar yaşadıb.
Bağçanın müdiri Vəfa Xudadatova çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin xalqımızın birliyi, ordumuzun gücü və Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində mümkün olduğunu vurğulayıb. O bildirib ki, bu Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və gələcək nəsillərin yaddaşında daim yaşayacaq.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, bu cür tədbirlər körpə yaşlarından uşaqlarda Vətənə məhəbbət, dövlətə sədaqət və milli ruhun aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

