Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilib.
Məktəbin bütün siniflərini əhatə edən silsilə dərslər və anım saatlarında şagirdlər Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramlarını nümayiş etdiriblər. Siniflərdə keçirilən tədbirlərdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, onların müəllifi olduğu rəsmlər, əl işləri və yaradıcı sərgilər təqdim olunub, eyni zamanda şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib.
Məktəbin direktoru Şəlalə Hüseynova sinifləri ziyarət edərək şagirdlərlə görüşüb, 27 Sentyabr Anım Gününün tarixi məqamları, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyəti və Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət haqqında ətraflı məlumat verib. Şagirdlərə şanlı tariximizi unutmamağı və vətənpərvər ruhda böyüməyi tövsiyə edən məktəb rəhbərliyi, müəllim və şagird kollektivi bu kimi tədbirlərlə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın xatirəsini hər zaman uca tutacaqlarını bir daha ifadə ediblər.

