Rəsmi Karakas ABŞ-ın hərbi təcavüzü ilə əlaqəli şəxslərin axtarışı və saxlanılması üzrə genişmiqyaslı əməliyyatın başlanması haqqında dekret qəbul edib. Normativ aktların rəsmi portalında dərc olunan sənədə əsasən, bütün səviyyələrdə polis orqanları ölkə ərazisində dərhal müvafiq tədbirlərə başlamağa borcludur.
Əməliyyatın məqsədi saxlanılan şəxslərin prokurorluğun və cinayət ədalət mühakiməsi sisteminin ixtiyarına verilməsi və məhkəmə araşdırmasının aparılmasıdır. Dekretdə bütün prosessual təminatlara əməl ediləcəyi vurğulanır.
Sənəddə qeyd olunur ki, milli, regional və bələdiyyə polisi ABŞ-ın respublika ərazisinə silahlı hücumuna yardım və ya dəstək göstərmiş istənilən şəxsin ölkə üzrə dərhal axtarışını və saxlanılmasını təmin etməlidir.
Dekret 3 yanvar tarixlidir, yəni ABŞ-ın hərbi əməliyyatının keçirildiyi günə təsadüf edir. Sənədin altında Venesuela prezidenti Nikolas Maduro, vitse-prezident Delsi Rodriges və hökumət üzvlərinin imzaları yer alır.
Bu qərar Venesuela daxilində ABŞ müdaxiləsini dəstəkləmiş və ya onunla əməkdaşlıq etmiş mümkün şəxslərə qarşı daxili istintaqın başlanması anlamına gəlir.

