ABŞ və İran nümayəndə heyətləri Omanda bir araya gəlib. Dünyanın diqqət mərkəzində olan görüşdən ilk görüntülər yayılıb.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. ABŞ heyətində, həmçinin ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Mərkəzi Komandanlığın komandanı admiral Bred Kuper də yer alır.
İran prezidenti Məsud Pezeşkianın xarici işlər naziri Araqçiyə verdiyi tapşırıqdan sonra başlayan proses çərçivəsində tərəflərin bu gün dolayısı yolla danışıqlar apardığı bildirilir. Görüşdə vasitəçi qismində Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi iştirak edib.
Danışıqlarda İran nüvə proqramının silah istehsalına imkan verməyəcək şəkildə məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğvini tələb edir. ABŞ isə İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini tam dayandırmasını və yüksək səviyyədə zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasını istəyir.

Bütün dünyanın diqqəti Omandakı danışıqlara yönəldiyi bir vaxtda yayımlanan fotolarda İran və ABŞ nümayəndələrinin Oman xarici işlər naziri ilə ayrı-ayrılıqda görüntüləndiyi görünür.
Bundan əlavə, sosial şəbəkələrdə paylaşılan videoda ABŞ nümayəndə heyətinin tərkibində Mərkəzi Komandanlığın komandanı Bred Kuper də əks olunub.

