İran ABŞ-la mümkün sazişlə bağlı sənəd üzərində işlədiyini açıqlayıb, lakin “müvəqqəti nüvə razılaşması” ehtimalını təsdiqləməyib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Beqai jurnalistlərə bildirib. Məlumatı RIA Novosti yayıb.
“Hazırda öz mövqelərimizi formalaşdırmaq mərhələsindəyik”, — deyə Bəqai vurğulayıb.
Diplomat ABŞ-la danışıqlar barədə yayılan çoxsaylı məlumatları spekulyasiya adlandırıb və Vaşinqtonla müvəqqəti razılaşma iddialarını əsassız hesab edib.
Fevralın 17-də Cenevrədə keçirilən ABŞ–İran danışıqlarında Tehran yüksək zənginləşdirilmiş uranın bir hissəsinin üçüncü tərəfə — məsələn, Rusiyaya göndərilməsini təklif edib. Məqsəd Ağ Evin İranın nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını azaltmaqdır.
Bildirilib ki, İran üç ilədək zənginləşdirməni dayandırmağa hazır ola bilər. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası proqramın tam dayandırılmasını tələb edir. Növbəti birbaşa danışıqların fevralın 26-da Cenevrədə keçirilməsi planlaşdırılır.

