ABŞ tərəfi Tehranla danışıqlarda BMT müfəttişlərinin İranın nüvə obyektlərinə buraxılması məsələsini müzakirə etmək niyyətindədir. Bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, söhbət daha əvvəl ABŞ və İsrailin zərbələrinə məruz qalan obyektlərdən gedir.
Vaşinqton İran tərəfindən müvafiq dəvətin artıq danışıqların ilk raundunun yekununda veriləcəyinə ümid edir. Görüşün 21 iyun bazar günü İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılır.
Danışıqlarda ABŞ və İran nümayəndə heyətləri, həmçinin vasitəçi ölkələr olan Pakistan və Qətərin təmsilçiləri iştirak edəcək.
“Axios”un mənbələrinə görə, BMT müfəttişlərinin nüvə obyektlərinə buraxılması müqabilində Vaşinqton İranın dondurulmuş aktivlərinin bir hissəsini açmağa hazırdır. Buraya Qətərdə yerləşdirilmiş 6 milyard dollar da daxildir.
Həmin vəsaitin humanitar ehtiyaclara yönəldilməsi nəzərdə tutulur.

