ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanı qan tökülməsini dayandırmaq üçün mümkün qədər tez sülh sazişi bağlamağa çağırıb.
Bu barədə AFP-nin Ağ Evdəki müxbiri Denni Kemp məlumat verib.
Bildirilib ki, Trampın bu çağırışı Rusiyanın Kiyevə endirdiyi kütləvi hücumdan sonra səslənib.
Amerikalı rəsminin sözlərinə görə, Tramp və komandası hazırda münaqişənin diplomatik yolla həlli üçün fəal şəkildə çalışır.
“Prezident Tramp bu müharibənin başa çatmasını və mənasız ölümlərin dayanmasını istəyir. Prezident və komandası Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması üçün ciddi işləyib və o, yekunda sülh sazişinə nail olunacağına nikbin yanaşır”, — deyə rəsmi AFP-yə bildirib.
Ağ Evdə ümid edirlər ki, Rusiyanın növbəti eskalasiyasına baxmayaraq, tərəflər yekun sülh razılaşmalarının imzalanmasına nail ola biləcəklər.
Qeyd edək ki, iyulun 2-nə keçən gecə Rusiya Kiyevə dronlar, ballistik və qanadlı raketlərlə kütləvi hücum edib. Paytaxtın bütün rayonlarında 30-dan çox məkan hücuma məruz qalıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə endirilən kütləvi zərbəyə görə Rusiyaya “ədalətli cavab” veriləcəyini açıqlayıb. Hücum nəticəsində 20-dən çox mülki şəxsin həlak olduğu bildirilir.
Bundan başqa, Kiyevdə Rusiyanın kütləvi hücumu nəticəsində Qırmızı Xaça məxsus, 79 milyon qrivna dəyərində humanitar yük olan anbar məhv edilib.

