İran ABŞ-nin Hörmüz boğazındakı siyasətinin davam edəcəyi təqdirdə məhdudiyyətlərin sərtləşdirilə və digər strateji nəqliyyat yollarının bağlana biləcəyini bildirib.
IRIB-in məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr deyib ki, Vaşinqtonun dəniz blokadasını və müharibəni qızışdıran siyasəti davam etdirməsi Hörmüz boğazındakı məhdudiyyətlərin artırılması ilə nəticələnə bilər.
Onun sözlərinə görə, belə ssenari qlobal iqtisadiyyata, enerji bazarlarına və ABŞ istehlakçılarına ciddi təsir göstərəcək. İran rəsmisi ABŞ-də yanacaq qiymətlərinin artmasını da buna nümunə kimi göstərib.
“Dəniz blokadasının və müharibənin davam etdirilməsi həm Hörmüz boğazında məhdudiyyətlərin sərtləşdirilməsinə, həm də digər boğazların və strateji qovşaqların bağlanmasına gətirib çıxaracaq”, – deyə o bildirib.

