İspaniya Ceutadakı miqrant axınını əsas gətirərək ona sərhəd nəzarəti tətbiq edən İtaliyaya qarşı cavab tədbirlərini işə salıb. Baş nazir Pedro Sançesin göstərişi ilə gecə yarısından etibarən İtaliyadan gələn reyslərdə şəxsiyyət və pasport yoxlamaları başlanıb.
İspaniya mediasının məlumatına görə, gərginlik iyulun sonunda Ceutaya Mərakeş üzərindən təxminən 78 min nəfərin daxil olmasından sonra yaranıb. Giorgia Meloni hökuməti “milli təhlükəsizlik” səbəbilə avqustun 1-dən İspaniyadan hava və dəniz yolu ilə gələn üçüncü ölkə vətəndaşlarına sərhəd nəzarəti tətbiq etmişdi.
Madrid isə Ceutaya daxil olanların böyük hissəsinin artıq Mərakeşə qaytarıldığını və bölgənin Şengen qaydaları baxımından fərqli statusa malik olduğunu bildirərək İtaliyanın narahatlıqlarını əsassız sayıb.
İspaniya hökuməti Romadan nəzarət tədbirlərini avqustun 9-dək ləğv etməyi tələb etmiş, əks halda cavab addımı atacağını bildirmişdi. Meloni isə “İtaliya ultimatum qəbul etmir” deyərək yoxlamaların ən azı avqustun 15-dək davam edəcəyini açıqlayıb.
Bundan sonra Sançes hökuməti qarşı tədbiri qüvvəyə mindirib. İspaniya mətbuatının yazdığına görə, İtaliyadan gələn sərnişinlərə tətbiq edilən yoxlamaların sentyabrın 7-dək davam etməsi planlaşdırılır.

