ABŞ Prezidenti Donald Tramp CNN, Politico və MS Now nəşrlərinin jurnalistlərinin Ağ Evə buraxılmaması ilə bağlı qərarını məhkəmədə müdafiə etməyə hazır olduğunu bildirib.
O, məhkəmənin ilkin qərarı administrasiyanın əleyhinə olacağı təqdirdə apellyasiya şikayəti verəcəklərini vurğulayıb.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Gözlənildiyi kimi, CNN, Politico və MS Now yenidən Ağ Evə və prezidentinizə – mənə çıxış əldə etmək üçün məhkəməyə müraciət ediblər. İşə onlara rəğbət bəsləyən hakim baxacaq”, – deyə ABŞ lideri bildirib.
Tramp sözügedən işə Kolumbiya dairəsinin federal hakimi Tim Kellinin baxacağını qeyd edib.
Amerika mediasının xatırlatdığına görə, Kelli Trampın ilk prezidentlik dövründə bu vəzifəyə təyin olunsa da, bir neçə il əvvəl administrasiyanın CNN jurnalisti Cim Akostanın akkreditasiyasını ləğv etmək qərarını qüvvədən salıb.
“Deməli, həmişəki kimi, məhkəmənin qərarından sonra apellyasiya şikayəti verməli olacağıq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Ağ Evdə fəaliyyətinə məhdudiyyət qoyulan media qurumlarını həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edərək onların milli təhlükəsizliyə təhdid yaratdığını iddia edib.
“Saxta xəbərlər yayanlar yalnız mənfi məqamlara diqqət yetirirlər. Onlar mövcud olmayan mənbələrə istinad edərək yalan məlumatlar yaydıqları üçün milli təhlükəsizliyə təhdid yaradırlar”, – deyə Tramp bildirib.
O, həmçinin Ağ Evdə jurnalistlərin hörmətlə və ləyaqətlə davranmalı olduqlarını qeyd edərək sözügedən media qurumlarını administrasiyanın nailiyyətlərini bilərəkdən gözdən salmaqda və faktları təhrif etməkdə günahlandırıb.
Xatırladaq ki, ötən həftə ABŞ administrasiyası CNN, Politico və MS Now jurnalistlərinin Ağ Evdə keçirilən tədbirlərə buraxılmayacağını elan edib. Qərar artıq qüvvəyə minib.
Bu addım ABŞ mediasında mətbuat azadlığının pozulub-pozulmadığı ilə bağlı müzakirələrə səbəb olub.

