ABŞ Prezidenti Donald Tramp CNN və MS NOW telekanallarını Çin Xalq Respublikasının Sədri Si Cinpinin Ağ Evdə təntənəli qarşılanma mərasimini işıqlandırmaqdan imtina etdiklərinə görə sərt tənqid edib.
Tramp sosial şəbəkədəki paylaşımında hər iki telekanalı qərəzli mövqe tutmaqda və administrasiyasının xarici siyasətdə əldə etdiyi uğurları qəsdən görməzdən gəlməkdə ittiham edib.
Amerika liderinin fikrincə, ABŞ-də liberal yönümlü media qurumlarının reytinqlərinin aşağı düşməsi onların obyektivlikdən uzaqlaşması və izləyicilərin etimadını itirməsi ilə bağlıdır.
Tramp paylaşımında bunları yazıb:
“CNN və MS NOW-un nə dərəcədə saxta xəbər mənbələri olduğunu göstərmək üçün deyim ki, onlar bu gün son illərin ən möhtəşəm və gözəl hadisələrindən birini – dərin hörmət bəslədiyim Çin Xalq Respublikasının Sədri Si Cinpinin və onun gözəl həyat yoldaşı, xanım Pen Liyuanın Ağ Evə gəlişini işıqlandırmaqdan imtina etdilər.
Onlar hər şeyin nə qədər möhtəşəm keçəcəyini bilirdilər. Məhz buna görə də Trampın uğurunu etiraf etmək istəmədilər və mərasimdə iştirakdan imtina etdilər”.
Bununla belə, ABŞ Prezidenti daha əvvəl həmin media qurumlarının Ağ Evə girişinə qadağa qoymuşdu.
Xatırladaq ki, sentyabrın 18-də Donald Tramp CNN, MS NOW və Politico-nun Ağ Evdə fəaliyyətini qadağan etdiyini elan etmişdi. Prezident qərarını sözügedən media qurumlarının onun administrasiyası haqqında “saxta xəbərlər” yayması ilə əsaslandırmışdı.
Buna cavab olaraq, hər üç media qurumu məhkəməyə müraciət edərək tətbiq olunan məhdudiyyətlərin ABŞ Konstitusiyasına Birinci Düzəlişlə təmin edilən söz və mətbuat azadlığını pozduğunu bildirmişdi.
Sentyabrın 24-də federal hakim Timoti Kelli media qurumlarının müraciətini təmin edərək Ağ Evin tətbiq etdiyi məhdudiyyətlərin 14 gün müddətinə dayandırılması barədə qərar çıxarıb.
Məhkəmə administrasiyadan jurnalistlərin akkreditasiyalarını dərhal bərpa etməyi tələb edib. Qərardan sonra CNN, MS NOW və Politico əməkdaşlarının Ağ Evə girişinə yenidən icazə verilib.
Bu müddət ərzində məhkəmə hər iki tərəfin mövqeyini dinləyərək məsələ ilə bağlı yekun qərar qəbul etməyi nəzərdə tutur.

