ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpini Vaşinqtona səfəri çərçivəsində hava limanında şəxsən qarşılayıb.
Çin liderinin on ildən artıq fasilədən sonra ABŞ-a ilk dövlət səfəri dünya ictimaiyyətinin diqqətini çəkib.
Çin lideri və həyat yoldaşı Pen Liyuanı daşıyan təyyarə sentyabrın 23-də Vaşinqton yaxınlığındakı Endryus hərbi hava bazasına enib. Donald Tramp Si Cinpini qarşılamaq üçün şəxsən hava limanına gəlib.
ABŞ prezidentlərinin xarici dövlət başçılarını hava limanında qarşılaması nadir hallarda müşahidə olunduğundan Trampın bu addımı Çin liderinin səfərinə verilən xüsusi önəmin göstəricisi kimi qiymətləndirilib.
Si Cinpinin sentyabrın 23-dən 25-dək davam edəcək səfəri çərçivəsində iki ölkə arasında bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Ağ Evin açıqladığı proqrama əsasən, sentyabrın 24-də Çin liderinin şərəfinə rəsmi qarşılama mərasimi keçiriləcək. Daha sonra hərbi nümayiş və dövlət ziyafəti təşkil olunacaq.
Tramp və Si Cinpinin danışıqlarında ticarət, texnologiya, süni intellekt, İran və Tayvan məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.
Xüsusilə gömrük tarifləri, nadir torpaq elementlərinin qlobal tədarükü, yarımkeçiricilər və süni intellekt sahəsində tətbiq edilən məhdudiyyətlər ətrafında fikir mübadiləsi aparılacağı bildirilir.
Bununla yanaşı, Tayvan məsələsi, Çinin İranla münasibətləri və regiondakı son hadisələr də liderlərin gündəliyində yer alacaq.
Səfər çərçivəsində Tramp və Si Cinpinin təkbətək görüşü, ardınca isə dövlət ziyafətində iştirakı planlaşdırılır.
Proqramın son günündə hər iki liderin ABŞ Milli Arxivini ziyarət edəcəyi gözlənilir.

