Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
“Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!”
27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün 2020-ci il Vətən müharibəsində həyatını itirən hərbçilərin xatirəsi yad edilir. Anım Günü Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis olunub.
Ölkə üzrə müxtəlif anım tədbirləri keçirilir. Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Həmçinin Azərbaycanın hüdudlarından kənarda anım mərasimlərinin keçirilməsi, ölkədə fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna duaların oxunması nəzərdə tutulub.

