İsrail oktyabrın 5-də və 7-də Qəzza zolağı ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacaq, İordan çayının qərb sahilindəki Fələstin ərazilərində isə tam təcrid rejimi tətbiq edəcək.
Bu barədə İsrail hökumətinin Fələstin ərazilərində fəaliyyətinin əlaqələndirilməsi idarəsi (COGAT) sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, qərar HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumunun üçüncü ildönümü ilə əlaqədar qəbul edilib.
“Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsinə və müdafiə naziri Israel Katzın qərarına uyğun olaraq, oktyabrın 5-də və 7-də İordan çayının qərb sahilində tam təcrid rejimi tətbiq ediləcək, Qəzza zolağı ilə sərhəddəki keçid məntəqələri bağlanacaq”, – deyə məlumatda qeyd olunub.
COGAT-ın açıqlamasına görə, “Kerem-Şalom” keçid məntəqəsinin Fələstin tərəfində humanitar yardımların qəbul edilməsi əvvəlki qaydada davam edəcək.
Qurum bildirib ki, sərhəd keçidlərinin bağlanması Qəzza zolağındakı humanitar vəziyyətə təsir göstərməyəcək.
İordan çayının qərb sahilində isə yalnız humanitar və tibbi xarakterli təcili hallarda keçidə istisna qaydada icazə veriləcək.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzzadan İsrail ərazisinə hücum ediblər. Hücum zamanı sərhədyanı yaşayış məntəqələrində insanlar öldürülüb, təxminən 250 nəfər girov götürülüb.
Bundan sonra İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayıb.

