İctimai Palatada dələduzların uşaqlara qarşı istifadə etdiyi ən geniş yayılmış ifadələr və fırıldaqçılıq sxemləri açıqlanıb.
Bu barədə Denmedia.az TASS-a istinadən xəbər verir.
Məlumatlar “Böyüklərdən kiçiklərə: məsafədən dələduzların toruna düşməmək üçün məsləhətlər” adlı yaddaş kitabçasında təqdim olunub.
Kitabçaya əsasən, dələduzlar adətən naməlum nömrələrdən uşaqlarla əlaqə saxlayır, söhbətə israrlı tələblər və ya təhdidlərlə başlayırlar.
Onların ən çox istifadə etdiyi ifadələr arasında bunlar var:
“Bu sirrdir, heç kimə demə”
“Valideynlərin cinayət törətməkdə şübhəli bilinir”
“Məsafədən axtarış aparmaq üçün kameranı aç”
“Sən cinayətin araşdırılmasına kömək edirsən”
Məsafədən dələduzluqdan zərərçəkənlərə hüquqi dəstək mərkəzinin rəhbəri Yevgeni Maşarov TASS-a bildirib ki, sənəddə dələduzu müəyyən etməyə imkan verən standart ifadələrin siyahısı da yer alıb.
Dələduzlar həmçinin “Evdə olan bütün pul və qiymətli əşyaları bəyan etmək lazımdır ki, böyüklərin hüquq-mühafizə orqanları və ya vergi ilə problemi yaranmasın”, “Qohumlarının problemi var, onlar təhlükədədir və təcili köməyinə ehtiyac duyurlar”, “Valideynlərinin bank kartlarının nömrələrini de” kimi ifadələrdən istifadə edə bilərlər.
Bundan başqa, uşaqlardan göndərilən linkə keçmək, pul və qiymətli əşyaları toplayaraq gələcək kuryerə vermək, bank tətbiqini və ya “Gosuslugi” hesabını açmaq, SMS və ya push-bildirişlə gələn kodu demək tələb oluna bilər.

