Xəbər verdiyimiz kimi, Sumqayıtda yaşayış binasında güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində on bir mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib. Sakinlərin bildirdiyinə görə, hadisəyə ərazidə tez-tez işıqların söndürülüb yandırılması olub. İddiaya görə, qəfil yanan işıq qısaqapanmaya səbəb olub.
Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m. olan iki otaqlı mənzilin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Sumqayıt Tibb Mərkəzindən isə bildirilib ki, tüstüdən zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Faktla bağlı araşdırma aparılır.