Almaniyanın BILD nəşrinin yazdığına görə, bəzi alman fotomüxbirlər şokedici bir sxem qurublar: onlar özləri yanğın törədib, sonra da həmin hadisələri çəkərək media orqanlarına satıblar.
DenMedia.az xəbər verir ki, hadisə Almaniyanın Raqun şəhərində baş verib. Burada köhnə, istifadəsiz bir dəmiryolu vağzalında yanğın baş verib. Alov nəzarətə alınsa da, zərərin məbləği 10 min avronu keçib və dəmiryolu nəqliyyatı bir neçə saat dayandırılıb.
Polis hadisə yerinə yaxın ərazidə iki şübhəli şəxsi saxlayıb. Onların yalnız bu yanğınla deyil, daha 12 ayrı yanğınla da əlaqəli olduqları iddia olunur. Şübhəlilərin evlərində aparılan axtarış zamanı önəmli dəlillər aşkarlanıb və onlar barəsində həbs qərarı çıxarılıb. Hazırda hər iki şəxs istintaq təcridxanasında saxlanılır.
Prokuror Aleksandra Yirşik bildirib ki, şübhəlilərə meşə əraziləri və binaların qəsdən yandırılması ittihamı irəli sürülüb. Bu yanğınlar arasında Dibitsger-Buş və Volfen bölgələrində olan ərazilər də var. Hadisələrdə birbaşa insan həyatı üçün təhlükə olmasa da, ümumi maddi zərər milyonlarla avro ilə ölçülür.
Ən təəccüblüsü isə odur ki, saxlanılan şəxslər əvvəllər peşəkar fotokorrespondent kimi çalışıblar. Onlar tez-tez hadisə yerlərinə ilk çatanlar olur, yanğınları çəkir və bu görüntüləri media qurumlarına satırdılar. İndi isə məhz bu yanğınların təşkilatçıları olduqlarına görə ittiham olunurlar.
Əgər məhkəmə onların təqsirini sübuta yetirsə, hər biri 10 ilədək azadlıqdan məhrum edilə bilər.