Abşeronda məktəblilər faciəvi hadisəyə etiraz olaraq yolu bağlayıblar.
DenMedia.az xəbər verir ki, hadisə Saray qəsəbəsində general Məhəmməd Əsədov küçəsində baş verib.
Şagirdlər əl-ələ verərək avtomobil yolunun hərəkət hissəsində dayanıb və “Bezmişik daha!”, “Gələcək yolda gedir, sən dayan!” kimi plakatlar qaldırıblar.
Bu addım iki gün əvvəl eyni ərazidə baş verən ağır yol qəzasından sonra atılıb. Həmin qəza zamanı iki azyaşlı məktəbli yoldan keçərkən avtomobil tərəfindən vurulmuşdu. Təəssüf ki, uşaqlardan birinin həyatını xilas etmək mümkün olmayıb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sakinlərin sözlərinə görə, həmin küçədə uzun müddətdir piyada keçidi və sürətə nəzarət tədbirləri yoxdur. Valideynlər və məktəblilər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə əldə etməyiblər.
Etiraz edən məktəblilər təhlükəsiz hərəkət şəraiti, piyada keçidlərinin bərpası və sürücülərin daha məsuliyyətli olmasını tələb ediblər. Onların bu addımı sosial şəbəkələrdə geniş rezonans doğurub, çoxsaylı vətəndaşlar uşaqların haqlı etirazını dəstəkləyiblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bütün sürücüləri diqqətli, məsuliyyətli və ayıq-sayıq olmağa çağırırıq. Unutmayaq ki, hər bir piyada kiminsə övladıdır.
Ellada Rəsul
DenMedia.az

