ABŞ-ın Ocean Infinity şirkəti 11 il əvvəl itkin düşən Malaysia Airlines-ə məxsus MH370 reysi üzrə axtarışların yenidən başladığını təsdiqləyib. Bu barədə RIA Novosti-yə şirkət nümayəndəsi məlumat verib.
Axtarış işlərinin Malayziya hökumətinin dəstəyi ilə aparıldığı bildirilir. Şirkət nümayəndəsi əlavə edib ki, mövzunun əhəmiyyətli və həssas xarakter daşıması səbəbilə rəsmi açıqlamalar birbaşa Malayziya hakimiyyəti tərəfindən veriləcək.
Xatırladaq ki, Malaysia Airlines aviaşirkətinə məxsus MH370 reysi 2014-cü il 8 mart tarixində Kuala Lumpurdan Beijinge uçarkən, havaya qalxdıqdan 40 dəqiqə sonra Cənubi Çin dənizi üzərində radarlardan itib. Təyyarənin göyərtəsində 239 nəfər — sərnişinlər və ekipaj üzvləri olub.
Hadisənin səbəbləri indiyədək məlum deyil. Versiyalardan birinə görə, təyyarə Hind okeanının cənub hissəsində qəzaya uğrayıb.
Bütün sərnişinlər və ekipaj üzvləri rəsmi olaraq həlak olmuş hesab olunur.

