Belçikada yerləşən “Tiyan” atom elektrik stansiyasında duz turşusunun sızması baş verib. Yanğınsöndürənlər hadisənin nəticələrini aradan qaldırmaq üçün əraziyə cəlb olunub. Bu barədə Belga agentliyi məlumat yayıb.
AES-in operatoru Engie vəziyyətin nəzarət altında olduğunu bildirib. Şirkətin açıqlamasına görə, maye təhlükəsizlik məqsədilə saxlanılan silosun içərisində yerləşdirilmiş çəlləkdən sızıb.
“Yanğınsöndürənlər duz turşusunun sızması ilə əlaqədar olaraq ‘Tiyan’ AES-ə göndərilib. İlkin məlumatlara əsasən, bu insident ətraf ərazilərdə yaşayan insanlar üçün təhlükə yaratmır”, — deyə məlumatda qeyd olunur.
Qeyd edilir ki, yüksək konsentrasiyalı duz turşusu aşındırıcı maddədir. Dəriyə, selikli qişalara və gözlərə düşdükdə ağır kimyəvi yanıqlara səbəb ola bilər.

