Şimali İtaliyada yerləşən bir mağarada 1942-ci ildə tapılmış qədim ovçu-yığıcının sümükləri onun ayı hücumunun qurbanı olduğunu göstərib. Bu barədə Live Science məlumat yayıb.
Təxminən 28 min il əvvəl yaşamış, 14–17 yaşlarında olduğu ehtimal edilən və alimlərin “Şahzadə” adlandırdığı yeniyetmənin skeletinin tədqiqi iri yırtıcının pəncə və diş izlərini üzə çıxarıb. Alimlərin fikrincə, gənc hücumu sağ keçsə də, çiyin və çənə nahiyəsindəki ağır zədələrdən sonra cəmi bir neçə gün yaşaya bilib. Hücumun qonur ayı və ya mağara ayısı tərəfindən edildiyi ehtimal olunur.
“Sümüklərdəki zədələrin miqyasını nəzərə alsaq, bu gənc yığıcının hücumdan sağ çıxması — hətta bu qədər qısa müddətə də olsa — heyrətamizdir”, — deyə tədqiqatın müəllifləri Journal of Anthropological Sciences jurnalında qeyd ediblər.
Yeniyetmənin bir müddət yaşaması icma üzvlərinin köməyinə işarə edir. O, xüsusi ehtiramla dəfn olunub: qırmızı oxra yatağında, yüzlərlə qabıq və maral dişindən hazırlanmış baş geyimi ilə, yanında kremni bıçaq və yaraya yaxın qoyulmuş sarı oxra parçası ilə. Alimlər hesab edirlər ki, bu qədər zəngin dəfn mərasimi icmanın fövqəladə faciəyə ritual cavabı ola bilər.

