Leysan yağışlar 2 evi yerlə-yeksan etdi, 1 mənzil ciddi zərər gördü. Ailələr evsiz qaldı. Abşeron rayonun Qobu qəsəbəsində təbii fəlakət yaşanıb.
“Denmedia.az” xəbər verir ki, hadisə qəsəbənin Sona Salmanova küçəsində qeydə alınıb.
Belə ki, gecə saatlarında baş verən təbii fəlakət nəticəsində bir-birinə bitişik 6 fərdi yaşayış evindən 2-si tamamilə dağılıb, daha bir ev isə ciddi zərər görərək yaşayış üçün yararsız hala düşüb. Hadisə sakinlərin evdə olduğu vaxt baş verdiyindən vəziyyət daha da təhlükəli olub. Sel suları yaxınlıqdakı evlərin divarlarını uçurub, ərazi demək olar ki, dağıntı zonasına çevrilib. Xoşbəxtlikdən, ilkin məlumata görə, insan tələfatı qeydə alınmayıb.
Zərərçəkmiş sakinlər baş verənləri böyük qorxu və dəhşətlə xatırlayırlar. Onların sözlərinə görə, sel suları qısa müddətdə tikililərin dağılmasına səbəb olub və insanlar son anda canlarını qurtara biliblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən “Denmedia.az”-a bildirilib ki, hadisədən zərər çəkən ailələr artıq müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunublar. Onların aylıq kirayə xərcləri də qarşılanır. Qeyd olunub ki, dağılan və zərər görən evlərin bərpası Qobu bələdiyyəsi tərəfindən həyata keçiriləcək. Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və bərpa işlərinə hazırlıq istiqamətində tədbirlər görülür. Aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması və sakinlərin normal həyat şəraitinə qayıtması üçün işlər davam etdirilir.
NİZAMİ RƏSULOV
Denmedia.az

