ABŞ-da Bruklindən olan kişi dar qaya yarığında ilişib qalıb və kömək gələnə qədər orada altı saat gözləməli olub.
Bu barədə People məlumat yayıb.
Hadisə 17 mayda Keynan şəhərindəki Merlins-Keyv mağarasında baş verib. Adı açıqlanmayan Nyu-York sakini dostları ilə birlikdə yürüşə çıxıb. Onlar mağaraları araşdırmaq qərarına gəlib və mağaralardan birinə daxil olublar.
Xilasedicilərin sözlərinə görə, kişi dar yarıqda möhkəm ilişib qalıb. Yüksək rütubət və təxminən 10 dərəcəlik temperatur səbəbindən onun dostları üşüməyə başlayıblar. Kişinin özü isə hadisə nəticəsində xəsarət almayıb.
Meşə xidməti reyncerləri kişinin başı və kürəyindən cəmi bir neçə santimetr aralıda olan daşları təmizləmək üçün perforatordan istifadə ediblər. Təxminən 20 dəqiqəlik qazma işindən sonra o, yarıqdan çıxa bilib.
Xilasedicilər əməliyyat boyunca kişinin pozitiv əhval-ruhiyyəsini qoruduğunu bildiriblər. Hadisə iştirakçılarının hamısı mağaranı ciddi xəsarət almadan tərk edib.

