Türkiyədə turist avtobusu Aksaray–Nevşehir magistral yolunda qəzaya düşüb, 16 nəfər xəsarət alıb. Bu barədə Sabah nəşri məlumat yayıb.
Hadisə 29 may səhər saatlarında baş verib. Avtobus əvvəlcə ayırıcı zolağa çıxıb, daha sonra isə qarşı hərəkət zolağına keçib.
Sürücü bildirib ki, qəza enişdə baş verib. Onun sözlərinə görə, sürət həddini aşmayıb, lakin yağışdan sonra yolun sürüşkən olması səbəbindən avtobus qəfil idarəetmədən çıxıb.
Məlumata görə, turist qrupu İstanbuldan Nevşehirə, Kapadokiya turuna gedirmiş.
Avtobusda ümumilikdə 45 sərnişin, 2 sürücü və 1 köməkçi olub. Nəşrin yazdığına görə, 16 nəfər yüngül xəsarət alıb və yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qalan sərnişinlər səfərə başqa avtobusla davam ediblər. Hadisə yerinə xüsusi xidmət əməkdaşları cəlb olunub.

