Dubayda yaşayan 26 yaşlı braziliyalı sosial media fenomeni Kauana Bilhar göydələnin 27-ci mərtəbəsində yerləşən lüks mənzilinin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə zamanı evdə olduğu bildirilən sevgilisi Barbara Abrantesin faciədən dərhal sonra yaxınlarından birinə göndərdiyi panika dolu səsli mesaj istintaqın diqqət mərkəzinə düşüb.
Sosial mediada dəbdəbəli həyat tərzini əks etdirən paylaşımları ilə tanınan Bilharın Dubaydakı mənzilinin eyvanından aşağı düşdüyü bildirilir. İddialara görə, hadisə baş verən zaman Abrantes də mənzildə olub. O, daha sonra Bilharın ailəsinə məlumat verib.
Hadisədən dərhal sonra Abrantesin dostlarından birinə ağlayaraq səsli mesaj göndərdiyi, kömək istədiyi və nə edəcəyini bilmədiyini söylədiyi qeyd olunur.
Dubay polisi qadının ifadəsi ilə yanaşı, sözügedən səs yazısını da araşdırır. Abrantes ilkin ifadəsində hadisədən əvvəl hər şeyin qaydasında olduğunu və cütlük arasında ciddi problemin yaşanmadığını bildirib.
Hazırda 26 yaşlı fenomenin ölümü ilə bağlı genişmiqyaslı araşdırma aparılır. Polis qəsdən törədilmiş əməl ehtimalını da tam istisna etmir.
Hadisənin bədbəxt hadisə, intihar, yoxsa qəsdən törədilmiş cinayət olması ekspertiza və istintaqın nəticələrindən sonra müəyyənləşəcək.

