Braziliyada həkimlər tərəfindən ürəyi dayandıqdan sonra ölü elan edilən bir aylıq körpə meyit torbasında hərəkət etməyə başlayıb. Bu barədə “Terra” nəşri məlumat yayıb.
Bildirilir ki, valideynlər hətta körpə ilə vidalaşmağa da macal tapıblar.
Körpənin bir aylığı tamam olduğu gün onun ürək və tənəffüs fəaliyyəti dayanıb. Tibb işçilərinin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Bir müddət reanimasiya şöbəsində saxlanılan körpə bir neçə saat sonra dəfn bürosuna aparılıb. Büronun direktoru Regina Seliya Paşoal körpənin meyit torbasının içində hərəkət etdiyini gördüyünü bildirib.
“Torbanı açdım və uşaq daha güclü hərəkət etməyə, sanki nəfəs almağa çalışırmış kimi səslər çıxarmağa başladı”, — o deyib.
Qadın bildirib ki, 16 illik fəaliyyəti ərzində ilk dəfə belə hadisə ilə qarşılaşıb.
Hadisədən sonra körpə yenidən reanimasiya şöbəsinə qaytarılıb və ona tibbi yardım göstərilməsi davam etdirilib.

