Çinin Çjetszyan əyalətində qanunsuz piton yetişdirən şəxs evindəki qeyri-adi dərəcədə yüksək elektrik sərfiyyatına görə ifşa olunub. Polis əməliyyatı zamanı yüzlərlə piton aşkarlanıb, istintaq genişləndirildikdən sonra isə ələ keçirilən ilanların ümumi sayı 436-ya çatıb. Hadisə ilə əlaqəli üç nəfər həbs cəzasına məhkum edilib.
Hadisə Tayçjou şəhərində yerli sakinin təbiətdə həmin əraziyə xas olmayan iri piton görərək aidiyyəti qurumlara məlumat verməsi ilə başlayıb.
Mütəxəssislər bildiriblər ki, pitonların yaşaması üçün ilboyu isti və rütubətli mühit tələb olunur. Belə şəraitin yaradılması isə yüksək elektrik sərfiyyatına səbəb olur. Bundan sonra polis ətrafdakı evlərin elektrik istehlakı göstəricilərini araşdırmağa başlayıb.
Elektrik sərfiyyatı şübhə doğuran mənzillərdən birində keçirilən əməliyyat zamanı iki yataq otağı və qonaq otağının tamamilə sürünənlərin yetişdirilməsi üçün istifadə olunduğu müəyyən edilib.
Plastik qutularda saxlanılan 309 piton ələ keçirilib. İlanlar daha sonra zooparka təhvil verilib.
Araşdırma zamanı ev sahibinin sosial şəbəkələrdə pitonlarla bağlı paylaşımlar etdiyi və onların qanunsuz satışı ilə məşğul olduğu üzə çıxıb. Şübhəlilərdən birinin ilanları yemləmək üçün mütəmadi olaraq ağ siçan aldığı da müəyyən edilib.
Satış qeydləri və digər sübutlar əsasında qanunsuz ticarət şəbəkəsinin fəaliyyəti aşkarlanıb.
İstintaqın digər şübhəliləri də əhatə etməsindən sonra ələ keçirilən pitonların sayı 436-ya yüksəlib.
Çinin CCTV dövlət televiziyasının məhkəmə materiallarına istinadən yaydığı məlumata görə, pitonların ümumi dəyəri 30 milyon yuan, yəni təxminən 4,2 milyon dollar təşkil edib.
Məhkəmə qanunsuz yetişdirmə və ticarətlə əlaqəli üç nəfəri həbs cəzasına məhkum edib.
Çin qanunvericiliyinə əsasən, pitonlar qorunan heyvan növləri sırasına daxildir və onların icazəsiz yetişdirilməsi və ya satılması cinayət hesab olunur.

