Sosial şəbəkələrdə Göyçay rayonunun Nizami küçəsində yol kənarında əkilmiş şam ağaclarının qəsdən qurudularaq məhv edilməsi məqsədilə onların kökünə naməlum mayenin töküldüyünü əks etdirən videogörüntülər yayılıb. Məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq və vəziyyətə aydınlıq gətirmək məqsədilə hadisənin baş verdiyi deyilən ərazidə çəkilişlər apardıq.
Ərazidə apardığımız ilkin müşahidələr zamanı bəzi şam ağaclarında quruma əlamətləri qeydə alınıb. Lakin ağacların hansı səbəbdən bu vəziyyətə düşdüyü hələlik məlum deyil. Həqiqətən də onların kökünə hər hansı kimyəvi maddənin tökülüb-tökülmədiyi yalnız aidiyyəti qurumların araşdırmasından sonra dəqiqləşəcək.
Məsələ ilə bağlı DİN-in Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, Göyçayda ağacların dibinə kimyəvi məhlul tökülməsi ilə bağlı polis və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, əraziyə baxış keçirilib.
Əməli törətməkdə şübhəli bilinən bir nəfər müəyyən olunaraq saxlanılıb. Dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə müvafiq sorğu göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

