Çinin Hunan əyalətində sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə mühakimə olunan şəxs cəzadan yayınmaq üçün öz ölümünü saxtalaşdırıb.
Daha əvvəl də iki dəfə sürücülük vəsiqəsi olmadan və sərxoş halda avtomobil idarə edərkən saxlanılan şübhəli üçüncü hadisədən sonra həbs olunacağını düşünərək qeyri-adi plan hazırlayıb.
Girov müqabilində azadlığa buraxılan şəxs anası və nənəsinin köməyi ilə əvvəlcədən tabut alıb. Evə boş dərman qutuları yerləşdirərək dərmandan öldüyü görüntüsünü yaradıb. Yas mərasimi zamanı ailəsi üzünün dərmanların təsirindən tanınmaz hala düşdüyünü deyərək tabutun açılmasına imkan verməyib.
Şübhəli saxta dəfn mərasimi keçirilən vaxt başqa əyalətə qaçıb.
Polis tabutun ölüm hadisəsindən əvvəl alınmasından, hadisə yerinə təcili yardım çağırılmamasından, rəsmi ölüm qeydinin və dəfn sənədlərinin olmamasından şübhələnib. Təhlükəsizlik kameralarının görüntüləri və qonşuların ifadələri onun sağ olduğunu üzə çıxarıb.
Saxlanılan şəxs məhkəmənin qərarı ilə 5 ay həbs və 20 min yuan cərimə cəzasına məhkum edilib. Hadisənin gizlədilməsinə kömək etdiklərinə görə onun anası və nənəsi barədə də hüquqi araşdırma başlanıb.

