Bakının Nəsimi rayonunda, 28 May küçəsində ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində güclü yanğın baş verib. Obyektdə elektrik skuterlərinin satışı, təmiri və enerji ilə doldurulması həyata keçirilib. Sakinlər yanğına enerji ilə doldurulan skuterin akkumulyatorunun partlamasının səbəb olduğunu bildiriblər. Partlayışdan sonra alov sürətlə obyektə yayılıb və yuxarı mərtəbədəki mənzillərə keçib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, 360 kvadratmetr sahəsi olan obyektdə tavanın bir hissəsi, enerji doldurma avadanlığı və 4 velosiped yanıb, ikinci mərtəbədəki iki mənzilə də ziyan dəyib. Yanğınsöndürənlər alovun binanın digər hissələrinə yayılmasının qarşısını alıblar.
Hadisə zamanı sakinlərdən biri tüstü ilə dolmuş ərazidə köməksiz vəziyyətdə qalıb, digər yaşlı sakini isə oğlu son anda xilas edib.
TƏBİB-in məlumatına görə, təcili tibbi yardıma çağırış saat 05:45 radələrində daxil olub. Tüstüdən zəhərlənən iki nəfərə hadisə yerində tibbi yardım göstərilib.
“Xəzər Xəbər”in hazırladığı süjeti təqdim edirik:

