Bakının Nəsimi rayonunda, 28 May küçəsində yerləşən kommersiya obyektində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, “112” qaynar xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 360 kvadratmetr olan obyektdə yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin tavanı, içəridə olan şarj avadanlıqları və 4 velosiped yanıb. Binanın ikinci mərtəbəsindəki iki mənzilin döşəməsinin müvafiq olaraq 12 və 9 kvadratmetrlik hissəsi də yanğından zərər görüb.
Obyektin və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

