Sudanın cənubunda yerləşən qızıl mədənində baş verən uçqun nəticəsində azı 60 nəfər həyatını itirib. Bu barədə AFP məlumat yayıb.
Hadisə sentyabrın 15-də Qərbi Kordofan bölgəsində, Əl-Nəhud şəhəri yaxınlığındakı Əl-Zaraa qızıl mədənində baş verib. Məlumata görə, süxurlar qəfil uçaraq mədənin keçidlərini bir-birinin ardınca bağlayıb.
Növbəti gün səhərədək xilasedicilər 60 nəfərin meyitini dağıntılar altından çıxara biliblər. Lakin mədəndə qalan insanların dəqiq sayı hələ də məlum deyil. Bir çox şaxtaçının dağıntılar altında qaldığı ehtimal olunur.
Xilasetmə işləri bütün gecə davam edib. İnsanlar yeni uçqun təhlükəsinə baxmayaraq, dağıntıları hətta əlləri ilə təmizləyərək şaxtaçıları çıxarmağa çalışıblar.
Sağ qalanlardan biri Xayr əl-Səid Cabara bildirib ki, yerin altında neçə nəfərin qaldığını heç kim dəqiq bilmir. O da digər şaxtaçılarla birlikdə gecə boyunca xilasetmə işlərinə qoşularaq həmkarlarını dağıntılar altından çıxarmağa çalışıb.

