Sumqayıtda 1992-ci ildən etibarən bir ailənin istifadə etdiyi evlə bağlı qalmaqal yaşanıb.
Denmedia.az xəbər verir ki, bu barədə mənzil sahibi Sahibə Comərdova “DenazTV”-yə müsahibə verib.
Onun sözlərinə görə, hadisə 1992-ci ildə, qardaşı Simran Comərdovun şəhid olduğu ağır günlərdə baş verib.
Ailənin başı qarışıq olduğundan bundan istifadə edən məcburi köçkün Şakir Əsədullayev, ailəsi ilə birlikdə Ceyranbatan bağlarındakı evə daxil olub və həmin vaxtdan mənzildən çıxmayıb. Sahibə Comərdova deyir ki, aradan 34 ildən artıq vaxt keçməsinə baxmayaraq, mənzil hələ də ona qaytarılmayıb.
Məsələ ilə bağlı məhkəməyə müraciət edən ev sahibinin xeyrinə qətnamə qəbul edilib. Həmçinin məcburi köçkün ailəsinin mənzildən çıxarılması ilə bağlı qərar verilib. Lakin iddiaya görə, məhkəmə qərarının icrası bu günədək baş tutmayıb. Hadisənin daha bir maraqlı tərəfi isə sonradan üzə çıxıb. Sahibə Comərdova yaxın vaxtlarda öz mənzilinə baş çəkərkən əmlakın başqa şəxslərin istifadəsində olduğunu görüb. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, uzun illər həmin evdə yaşayan məcburi köçkün ailəsi mənzili sahibinə qaytarmaq əvəzinə, torpaq sahəsini bölərək başqa şəxsə, evi isə daha bir şəxsə satıb.
Qarşı tərəf olan məcburi köçkün ailəsi Əsədullayev ailəsi ilə əlaqə saxlamaq cəhdimiz isə alınmadı. Bəs məhkəmə qərarı olduğu halda ev niyə sahibinə qaytarılmayıb? Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin məmuru Samir Məmmədov Denmedia.az açıqlamasında bildirib ki, vətəndaşın şikayəti araşdırılıb.Qarşı tərəf qanunsuz şəkildə evi başqa şəxslərə satdığı məlum olub. Onun sözlərinə görə, bundan əlavə iş üzrə cavabdehlər tərəfindən kassasiya şikayəti verildiyi müəyyən olunub. Samir Məmmədov qeyd edib ki, Ali Məhkəmədə kassasiya şikayəti üzrə yekun qərar qəbul edildikdən sonra həmin qərarın nəticəsinə uyğun olaraq icra tədbirləri həyata keçiriləcək.
Beləliklə, 34 ildən artıqdır davam edən mübahisənin taleyi Ali Məhkəmənin verəcəyi qərardan sonra aydınlaşacaq. Mənzil sahibi isə illərdir ona məxsus olduğunu bildirdiyi evə qovuşacağı günü gözləyir.
Nizami Rəsulov
Denmedia.az

