ABŞ sakini Ceffri Epşteynin qurbanları üçün yaradılmış fonddan saxta sənədlər vasitəsilə 750 min dollar əldə edib.
Bu barədə “The New York Times” məlumat yayıb.
Floridanın Boka-Raton şəhərində yaşayan 46 yaşlı autizm tədqiqatçısı Cennifer Persival sənədləri saxtalaşdırmaqda təqsirli olduğunu etiraf edib.
Qadın külli miqdarda ödəniş almaq məqsədilə müraciətinin təsdiqləndiyi təəssüratını yaratmaq üçün məktubu saxtalaşdırıb.
Persival 2020-ci ildə də mərhum Epşteynin hesablarındakı vəsaitlər hesabına yaradılmış fonddan pul almağa çalışıb, lakin müraciəti rədd edilib. Bundan sonra o, imtina məktubunun mətnini dəyişdirərək 500 min dollar ödənişin təsdiqləndiyini göstərən saxta sənəd hazırlayıb.
Qadın həmin sənəd əsasında Epşteynin qurbanlarına 290 milyon dollar ödəməyə razılıq verən JPMorgan Chase bankının yaratdığı yeni fonda müraciət edib.
Bank 2024-cü ildə onun hesabına 750 min dollar köçürüb.
Daha sonra Federal Təhqiqat Bürosu (FTB) hadisə ilə bağlı araşdırmaya başlayıb. Agentlər Persivala müraciətinin rədd edildiyini göstərən orijinal məktubu təqdim etdikdə qadın qərardan uğurla şikayət etdiyini və müraciətinin sonradan təsdiqləndiyini iddia edib.
Bundan sonra o, məhkəməyəqədər razılaşma əldə etmək məqsədilə vəkilinə saxtalaşdırılmış elektron poçt yazışmaları təqdim edib.
“Hərəkətlərimin qanunsuz olduğunu bilirəm və bütün məsuliyyəti öz üzərimə götürürəm”, – Persival məhkəmədə bildirib.
Qadın dəymiş zərərin ödənilməsi üçün məhkəməyə 776 min 31 dollarlıq çek təqdim edib.
Prokurorluq nümayəndələri onun həqiqətən Epşteynin qurbanlarından biri olub-olmadığını açıqlamayıblar.
Persival Florida Atlantik Universitetinin Autizm və Əlaqəli Pozuntular Mərkəzinə rəhbərlik edir.
Onu 3 ildən 4 ilədək həbs cəzası gözləyir.

