TIR markalı yük avtomobili idarəetmədən çıxaraq qarşı tərəfədən gələn minik avtomobilin üzərinə aşıb.
Denmedia.az xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi Abşeron rayonun ərazisində baş verib.
Belə ki, magistral yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Nəticədə minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub,
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir. Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov

