Qazaxıstanda Xəzər dənizində keçirilən hərbi təlim zamanı faciə baş verib.
Güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb. Onlardan 9-u həyatını itirib, 3-ü isə xilas edilib.
Hadisə sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizinin sahilində keçirilən “Khazar Qorgany-2026” hərbi təlimi zamanı qeydə alınıb.
Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçilər təlim-döyüş tapşırığını yerinə yetirərkən hava şəraiti qəfil pisləşib və küləyin sürəti artıb. Nəticədə 19 hərbçi dənizə düşüb.
Hadisə nəticəsində 9 hərbçinin öldüyü təsdiqlənib. Xilas edilən 3 hərbçidən biri xəstəxanaya yerləşdirilib.
İtkin düşən hərbçilərin tapılması üçün Hərbi Dəniz Qüvvələri, Fövqəladə Hallar Nazirliyi və aviasiya bölmələrinin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladılıb.
Qazaxıstanın müdafiə naziri Dauren Kosanovun rəhbərlik etdiyi xüsusi komissiya hadisənin bütün təfərrüatını araşdırmaq və xilasetmə işlərini əlaqələndirmək məqsədilə bölgəyə göndərilib.
Bundan əlavə, Qazaxıstan Baş Prokurorluğu hərbçilərin ölümü ilə bağlı cinayət işi başladıb. Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün xüsusi istintaq qrupu yaradılıb.
Qeyd edək ki, sentyabrın 22-də başlayan hərbi təlimə 500-dən çox hərbçi, döyüş gəmiləri, sahil mühafizə bölmələri və sərhəd təhlükəsizliyi qüvvələri cəlb olunub.

