ABŞ-də bir qadın qəza törətdikdən sonra körpəsini əzilən avtomobildə qoyub qaçdığı üçün həbs olunub. Bu barədə "Law&Crime" nəşri məlumat verir.
Hadisə sentyabrın 20-də Qərbi Virciniya ştatının Klarksburq şəhərində baş verib. Səhər saatlarında "Chevrolet Malibu" markalı avtomobili idarə edən 31 yaşlı Sidni Hili tanışını işə aparırmış.
Sərnişin bildirib ki, müəyyən məqamda Hili özünü qəribə aparmağa başlayıb və idarəetməni itirib. Nəticədə avtomobilin sərnişin tərəfdəki dam hissəsi ağır zədələnib. Maşında təhlükəsizlik kəməri bağlanmamış bir körpə də olub, lakin o, xəsarət almayıb.
Polis əməkdaşları hadisə yerinə gələndə Hili artıq avtomobildə olmayıb. Qısa axtarışdan sonra qadın yaxınlıqdakı meşədə tapılıb. İlkin müayinələr onda ruhi pozuntu əlamətləri aşkar edib.
Sentyabrın 21-də Hili həbs olunaraq həbsxanaya yerləşdirilib. Ona qarşı uşağa qarşı kobud laqeydlik ittihamı irəli sürülüb. Amerikalı qadını hansı cəzanın gözlədiyi dəqiqləşdirilmir.

