Maltada avtomobildə itirdiyi telefonu axtaran 18 yaşlı tanınmış rəqqasə faciəvi şəkildə həyatını itirib. Bu barədə Need To Know məlumat yayıb.
Hadisə avqustun 21-də Qormi şəhərində baş verib. Kelli Karuana avtomobildə sərnişin oturacağında gedərkən telefonunu itirib və onu axtarmağa başlayıb.
Telefon oturacağın altından tapılıb. Qız onu götürmək üçün əyildiyi anda sürücü idarəetməni itirərək maneəyə çırpılıb.
Qəza zamanı təhlükəsizlik yastığı birbaşa qızın üzünə açılıb və ona ağır xəsarətlər yetirib. Həkimlər 9 gün onun həyatı uğrunda mübarizə aparsalar da, 18 yaşlı rəqqasəni xilas etmək mümkün olmayıb.
Tibb işçilərinin sözlərinə görə, ağır xəsarətlərin əsas səbəbi məhz təhlükəsizlik yastığının açılması olub. Avtomobilin sürücüsü də yaralanaraq xəstəxanaya yerləşdirilib.
Kelli Karuana 8 yaşından rəqslə məşğul olub və Maltada XV əsrdən keçirilən məşhur karnavallarda çıxış edən Lookstar Dancers Tarxien truppasının üzvü olub.

