Azərbaycanda vətəndaşların etibarından sui-istifadə edərək 32 min 128 manat məbləğində pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma zamanı müəyyən edilib ki, E.Vəliyev vətəndaşlardan birinə övladını İsveçrədə işə düzəldəcəyini vəd edərək 1728 manat alıb.
Digər zərərçəkmişdən isə istirahət zonasında ev və qolf-kar təqdim edəcəyini bildirərək 3400 manat əldə edib.
Bundan başqa, şübhəli şəxs sahibinə pulunu daha sonra ödəyəcəyini vəd edərək 19 min manat dəyərində qolf-kar götürüb. Daha sonra nəqliyyat vasitəsini sahibinin xəbəri olmadan üçüncü şəxsə 8 min manata satıb.
İstintaq zamanı E.Vəliyevin mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən montaj edilmiş fotolar aşkarlanıb.
Məlumata görə, o, həmin fotolardan istifadə etməklə geniş əlaqələrə malik nüfuzlu şəxs görüntüsü yaradıb və bu yolla zərərçəkənlərin etimadını qazanıb.
Ümumilikdə vətəndaşlara 32 min 128 manat maddi ziyan vurulduğu bildirilir.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

