Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonundakı “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır. Agentliyin ilkin məlumatına görə, şadlıq sarayı toy üçün icarəyə götürülüb, süfrəyə verilən qidalar isə toy sahibləri tərəfindən hazırlanaraq qonaqlara təqdim olunub.
AQTA hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib. Agentlik həmçinin xəbərdarlıq edib ki, toy, nişan və digər kütləvi mərasimlər üçün qidaların ev şəraitində hazırlanması və saxlanılması zamanı temperatur rejiminə, şəxsi gigiyena və digər qida təhlükəsizliyi tələblərinə əməl edilməməsi zəhərlənmə riskini artırır.
Son məlumata görə, hadisədən sonra 91 nəfər tibbi yardıma müraciət edib, onlardan 23-ü uşaqdır. Müraciət edənlərə ilkin tibbi yardım göstərildikdən sonra onların evə buraxıldığı bildirilir. Araşdırma davam edir.

