Gəncə şəhərində 5 məktəbli zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş verib. Dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən beşi özünü pis hiss edib.
Şagirdlər müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə çatdırılıblar.
TƏBİB-in məlumatına görə, oktyabrın 1-də saat 12:30 radələrində xəstəxanaya yerləşdirilən şagirdlərə zəruri tibbi yardım göstərilib.
Hazırda onların müalicəsi davam etdirilir. Uşaqların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və Regional Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır.

