ABŞ-a məxsus Sikorsky MH-60R Seahawk hərbi helikopteri Qırmızı dəniz üzərində əlaqədən çıxıb. RIA Novosti-nin tanış olduğu uçuş məlumatlarına görə, helikopter Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında sürətlə hündürlük itirib və radarlardan itib.
Mənbənin məlumatına əsasən, təxminən Moskva vaxtı ilə saat 00:24-də helikopter təxminən 220 km/saat sürətlə, 91 metr hündürlükdə hərəkət edib.
11 dəqiqə sonra onun sürəti 17 km/saat, hündürlüyü isə 0 metr olaraq qeydə alınıb. Daha iki dəqiqə sonra sürət göstəricisi də sıfıra enib və bundan sonra transponderdən siqnalın ötürülməsi dayanıb.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. ABŞ Mərkəzi Komandanlığı və Pentaqon insidentlə bağlı şərh etməyib.
Hazırda ekipajın taleyi və helikopterin yoxa çıxmasının səbəbləri məlum deyil. Digər mənbələr də ABŞ Hərbi Dəniz Qüvvələrinin hadisəni hələ rəsmi təsdiqləmədiyini bildirir.

