Qış aylarında günəş işığının azalması orqanizmdə D vitamininin səviyyəsinə təsir göstərə bilər. Dietoloq və qidalanma mütəxəssisi Keti Sanders bu vitaminlə zəngin qidaları açıqlayıb.
Denmedia.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis soyuq aylarda D vitamini qəbulunu dəstəkləmək üçün qidalanmaya xüsusi diqqət yetirməyi tövsiyə edib.
Sandersin sözlərinə görə, D vitamininin ən yaxşı təbii mənbələrindən biri qızılbalıqdır. O, skumbriya balığını da rasiona daxil etməyi məsləhət görüb. Belə ki, 100 qram bişmiş skumbriyanın tərkibində orta hesabla 8,5 mikroqram D vitamini var.

Bu vitaminin digər mənbələrindən biri yumurtadır. Mütəxəssisin sözlərinə görə, bir yumurtada təxminən 1,7 mikroqram D vitamini olur.
Dietoloq həmçinin tərkibinə D vitamini əlavə edilmiş içkilərə, səhər yeməyi üçün taxıl məhsullarına, yoqurtlara və çörəyin üzərinə çəkilən qida məhsullarına diqqət yetirməyi tövsiyə edib.
Bununla belə, Sanders vurğulayıb ki, qida məhsullarında D vitamininin miqdarı məhduddur və payız-qış aylarında yaranan çatışmazlığı yalnız qidalanma hesabına aradan qaldırmaq hər zaman mümkün olmur.

Mütəxəssis D vitamini çatışmazlığı şübhəsi yarandıqda həkimə müraciət etməyi tövsiyə edib. Çatışmazlıq müəyyən edildiyi təqdirdə həkim uyğun vitamin əlavələri təyin edə bilər.

