Hollivud ulduzu Uill Smit və həyat yoldaşı Cada Pinkett Smitə məxsus, dəyəri 42 milyon dollar qiymətləndirilən malikanənin ərazisində yanğın baş verib.
Denmedia.az xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatının Kalabasas şəhərində yerləşən mülkdə noyabrın 23-nə keçən gecə qeydə alınıb.

Yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə polis və yanğınsöndürmə briqadaları göndərilib. Alovlar yanğınsöndürənlərin müdaxiləsi nəticəsində nəzarət altına alınıb.
Yerli hüquq-mühafizə orqanlarının sonradan verdiyi məlumata görə, yanğın əsas yaşayış binasında deyil, mülkün ərazisindəki yardımçı tikilidə başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, digər tikililərə ziyan dəyməyib. Yanğının təsadüfən baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, Smit ailəsinin malikanəsində 2021-ci ildə də yanğın qeydə alınıb. Həmin vaxt alovların zirzəmidə başladığı bildirilmiş, hadisədən sonra evdə təmir işləri aparılmışdı.
2025-ci ilin yanvarında Los-Ancelesdə baş verən Palisades meşə yanğınları zamanı da malikanə ehtiyat tədbiri olaraq boşaldılmışdı. Lakin həmin vaxt alovlar mülkə çatmamışdı.

“Bad Boys”, “Men in Black” və “The Pursuit of Happyness” filmləri ilə tanınan, “King Richard” filmindəki roluna görə 2022-ci ildə “Oskar” mükafatı qazanan Uill Smit Kalabasasdakı torpaq sahəsini 2003-cü ildə satın alıb.
Altı yataq və 13 vanna otağı olan malikanənin tikintisi 2010-cu ildə tamamlanıb. Aktyor 2011-ci ildə evi 42 milyon dollara satışa çıxarsa da, sonradan bu qərarından imtina edib.
Uill Smit və Cada Pinkett Smit 1997-ci ilin dekabrından evlidirlər. Cütlüyün uzun müddət ayrı yaşadığı 2023-cü ildə məlum olmuşdu.

