Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 10 yaşlı qızın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Hadisə noyabrın 22-də saat 13:00 radələrində qəsəbənin yaşayış məhəllələrindən birində qeydə alınıb.
Məlumata görə, azyaşlı qız yaşıdları ilə oyun oynayarkən top meydançadan kənara çıxıb. Uşaq topu götürmək üçün qaçaraq avtomobil yoluna çıxıb. Bu zaman onu avtomobil vurub. Qız aldığı xəsarətlərdən həyatını itirib.
İlkin ehtimala əsasən, sürücü yaşayış zonası üçün müəyyən edilmiş sürət həddini aşdığına görə qəfil yola çıxan uşağı vaxtında görməyib.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə əlaqədar sürücülərə müraciət edərək yaşayış məhəllələrində hərəkət zamanı xüsusilə diqqətli olmağa, sürət həddinə riayət etməyə və piyadaların təhlükəsizliyini nəzərə almağa çağırıb.

