Azərbaycan Prezidenti İlham Əliyev İğdır Universitetinin təşkilatçılığı ilə keçirilən “İpək Yolunun yenidən dirçəlişi” mövzusunda Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Denmedia.az xəbər verir ki, dövlət başçısı müraciətində Azərbaycan–Türkiyə münasibətlərinə, regional əməkdaşlığa və Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunub.
Prezident bildirib ki, tarixən mühüm ticarət yollarının üzərində yerləşən İğdır bu gün də regional əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Onun Naxçıvanla birbaşa qonşuluğu Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı Şuşa Bəyannaməsinin Azərbaycan–Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdiyini xatırladıb.
“Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi”, – deyə müraciətdə vurğulanıb.
İlham Əliyev qeyd edib ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi regionun beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyətini artırıb.
Prezidentin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizi ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrinin genişlənməsinə, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarətin və logistikanın inkişafına xidmət edəcək.
Dövlət başçısı Beynəlxalq Qafqaz Konqresinin İpək Yolunun bərpası, regionun gələcək inkişafı, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində səmərəli müzakirələr üçün mühüm platforma olacağına inamını ifadə edib.
Prezident müraciətinin sonunda konqres iştirakçılarına uğurlar arzulayıb.

