ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner hesab edir ki, Ukrayna ilə bağlı danışıqlarda əsas məqsəd təkcə atəşkəsə nail olmaq deyil, Rusiya ilə Avropa arasında münasibətləri yenidən qurmaqdır.
Denmedia.az “New York” jurnalına istinadən xəbər verir ki, Kuşner bunu nəşrə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, danışıqların ən böyük uğuru Rusiya ilə Avropa arasında davamlı qarşıdurmanın aradan qaldırılması və münasibətlərin yeni mərhələyə keçməsi ola bilər.
“Bəlkə də insanların birlikdə yaşaya və işgüzar əlaqələr qura biləcəyi bir yol tapmaq mümkündür”, – deyə Kuşner bildirib.
Trampın xüsusi nümayəndəsi Ukrayna rəsmilərinin danışıqlar prosesini ictimaiyyət qarşısında müzakirə etməsini də tənqid edib. O, bu yanaşmanın danışıqların nəticələrinə mənfi təsir göstərdiyini düşünür.
Kuşner, həmçinin müharibə başa çatdıqdan sonra Ukraynanı daha yaxşı gələcəyin gözlədiyinə inandığını bildirib.

