Böyük Britaniyada uşaq bağçasının təşkil etdiyi tədbir zamanı meşədə içərisində çürüməkdə olan meyit olan çamadan aşkarlanıb.
Bu barədə “Daily Star” məlumat yayıb.
Hadisə Kent qraflığında baş verib. Uşaq bağçası Borstal parkında xeyriyyə məqsədli “ayı ovu” oyunu təşkil edib. Tədbir zamanı uşaqlar valideynləri ilə birlikdə parkda gizlədilmiş oyuncaq ayıları axtarıblar.
Axtarış zamanı iştirakçılar üzərinə çoxlu milçək yığılmış şübhəli çamadan görüblər. Hadisə yerinə çağırılan polis əməkdaşları çamadanın içərisində ölmüş kişinin cəsədini aşkarlayıblar.
İstintaqçılar meyitin Londonun Uondsvort rayonunda baş verdiyi ehtimal olunan qətl hadisəsi ilə əlaqəli olduğunu düşünürlər.
Məlumata görə, polis bir gün əvvəl Kinqfisher-Kortdakı mənzildə cinayət törədilməsi barədə məlumat alıb. Lakin hadisə yerində heç kim tapılmayıb. Daha sonra 27 və 32 yaşlı iki kişi könüllü şəkildə polis bölməsinə gəlib və qətl şübhəsi ilə saxlanılıb.
Müstəntiqlərin ehtimalına görə, meşədə tapılan cəsəd saxlanılan şəxslərin tanışı olub. Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

