Çinin texnologiya şirkəti ByteDance ABŞ-dakı TikTok bölməsinin bir hissəsinin amerikalı investorlara verilməsi ilə bağlı sövdələşməni başa çatdırıb. Amerikalı investorlar ABŞ-da TikTok şirkətinin səhmlərinin 50 faizi həcmində nəzarət paketini əldə ediblər. Bloomberg agentliyinin məlumatına görə, ByteDance-in mövcud investorları səhmlərin 30,1 faizinə, ByteDance-in özü isə 19,9 faiz paya nəzarəti saxlayacaq.
Qeyd olunur ki, amerikalı nümayəndələrin iştirakı platformada məzmunun moderasiyasına imkan verəcək və ABŞ istifadəçilərinin məlumatlarının qorunmasını təmin edəcək.
ABŞ bölməsinin yeni direktorlar şurası yeddi nəfərdən ibarət olacaq və onların əksəriyyəti ABŞ vətəndaşlarıdır.
Bununla yanaşı, ByteDance TikTok-un ABŞ-dakı reklam biznesinə, eləcə də TikTok Shop elektron ticarət bölməsinə nəzarəti saxlayacaq.

