Beynəlxalq restoran şəbəkəsi Subway Azərbaycan bazarına daxil olduğunu elan edib.
Şirkətin rəsmi saytında yayılan məlumata görə, N Sky Build ilə müvafiq master-françayzinq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, N Sky Build ölkə ərazisində Subway şəbəkəsinin inkişafı və idarə olunması üzrə eksklüziv hüquqlar əldə edib.
Beləliklə, Azərbaycan brendin EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) yeni fəaliyyət ölkəsinə çevrilir.
N Sky Build-in sədri Nuri Qaraqöz bu razılaşmanı uzunmüddətli layihə kimi qiymətləndirib. Onun sözlərinə görə, Subway şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına, müasir idarəetmə standartlarının tətbiqinə və ictimai iaşə sektorunun inkişafına töhfə verəcək. Layihə həmçinin qeyri-neft sektorunun inkişafına dəstək kimi qiymətləndirilir və şəbəkənin mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, Subway dünyada 37 mindən çox nöqtədə fəaliyyət göstərir və sendviç hazırlığı üzrə ixtisaslaşmış ən böyük restoran şəbəkələrindən biridir. Son illərdə şirkət EMEA regionu ölkələrində master-françayzinq razılaşmalarını aktiv şəkildə genişləndirir.
Subway-in Azərbaycan bazarına daxil olması sürətli xidmət seqmentində rəqabəti gücləndirəcək və beynəlxalq brendlərin ölkəyə artan marağını göstərir.

